Aralıq Kolanlı
Aralıq Kolanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonu kənd, türk mənşəli toponim.
Aralıq Kolanlı kəndi İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonun mərkəzindən 6 km cənub-qərbdə, Alagöz dağının qərb tərəfində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Aralıx formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı həm Aralıq, həm də Aralıq Kolanlı formalarında qeyd edilir.
Əhalisi yalnız azərbaycanlılardan ibarət olan bu kənddə 1831-ci ildə 284 nəfər, 1873-cü ildə 676 nəfər, 1886-cı ildə 701 nəfər, 1897-ci ildə 886 nəfər, 1904-cü ildə 768 nəfər, 1914-cü ildə 887 nəfər, 1916-cı ildə 772 nəfər, 1919-cu ildə 1118 nəfər yaşamışdır. 1919-cu ilin sonunda kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. Kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 224 nəfər, 1926-cı ildə 248 nəfər, 1931-ci ildə 294 nəfər azərbaycanlı yaşamışdır.
SSRİ Nazirlər Sovetinin xüsusi qərarları ilə kənddə yaşayan azərbaycanlılar 1948-1949-cu illərdə tarixi-etnik torpaqlarından zorla Azərbaycana deportasiya olunmuşdur.